Əmanətlər qaytarılacaqmı?

Arxiv foto

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və vitse- spiker Bahar Muradova 2011-ci ilin payız sessiyasının yekunları və 2012-ci ilin yaz sessiyasının başlanması ilə əlaqədar mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında Sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması barədə sualları cavablandırarkən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bu çox mürəkkəb bir məsələdir. Bu mürəkkəbliyi vaxtı ilə saxta əmanət kitabçalarının hazırlanması, sənədlərin bir qisminin işğal edilmiş ərazilərdə qalması və digər amillər yaradır. Onun sözlərinə görə 1990-cı illərin əvvəllərində Azərbaycandan getmiş şəxslərin əmanətlərinin qaytarılması da bu işin gerçəkləşməsinə problem yaradır.
Səfa Mirzəyev hesab edir ki, «dünyada iqtisadi böhran yaşandığı bir vaxtda Azərbaycanda külli miqdarda vəsaiti dövriyyəyə buraxmaq da makroiqtisadi sabitliyi poza bilər. Sözsüz ki, əvvəl-axır bu əmanətlər qaytarılmalıdır. Amma bu ədalətli qərarı qəbul edəndə elə etməliyik ki, Azərbaycanın iqtisadi sabitliyinə xələl gəlməsin».
İqtisadçı ekspert Azər Mehdiyev isə deyir ki, təbii, bu mürəkkəb bir prosesdir. Amma əgər hökumətin bu əmanətləri qaytarmaq fikri olsaydı mövcud problemlərin aradan qaldırılması mexanizmini çoxdan işləyib hazırlayardı:
«Hökumət zaman –zaman bu məsələdən seçkilərdə səs yığmaq və digər siyasi məqsədlər üçün istifadə edir. Reallığa gəldikdə isə heç bir ciddi addım atmır. Sadalanan arqumentlər arasında həlli mümkün olmayanı yoxdur. Sadəcə məsələ problemlərin çoxluğunda və ya həllolunmazlığında deyil. Hökumətin bu istiqamətdə real addım atmaq istəyinin olmamasındadır».