İran Bakıda terror planlaşdırmadığını deyir

Foto: Arxiv

İran bu yaxınlarda Azərbaycanda terror ittihamı ilə həbs edilmiş dəstənin onun xüsusi xidmət orqanları ilə əlaqəsi olması barədə xəbərləri təkzib edir.

İranın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir ki, bu cür ssenariləri iki ölkənin yaxınlaşmasını, onların müstəqilliyini istəməyən qüvvələr hazırlayır:

«Son ssenari İranın nüvə alimlərinin sionist rejiminə bağlı qüvvələr tərəfindən terrorunun ört-basdır edilməsi istiqamətindədir. Belə tədbirləri heç şübhəsiz, hər iki ölkənin düşmənləri hazırlayıb. Bu, İran İslam Respublikasının beynəlxalq imicinə zərbə vurmağı nəzərdə tutmaqla yanaşı, iki ölkənin əlaqələrini də hədəfə alıb».

Bəyanatın sonunda qeyd edilir ki, belə hərəkətlər Azərbaycanla İranın strateji münasibətlərinə xələl gətirə bilməz. Bununla belə, bu cür açıqlamalar yayımlanarkən iki ölkə rəhbərlərinin iradəsindən kənar hər hansı addım atılmaması üçün sayıqlıq və ciddiyyət qorunmalıdır.