Vizanın sadələşdirilməsi üçün Avropa ilə danışıqlar başlayır

Roland Kobia

Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsi yönündə danışıqlar fevralda başlayacaq.

Bu haqda jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib:

«Ümidvaram ki, Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqları tez bir vaxtda yekunlaşdıra biləcəyik. O zaman Azərbaycan vətəndaşları Avropaya daha asanlıqla səyahət edə biləcəklər». (apa)

Avropa Birliyi Nazirlər Şurası Avropa Komissiyasına Azərbaycanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamaq üçün mandat verib.

Viza rejimi dəyişdirilərsə, Avropaya getmək istəyən Azərbaycan vətəndaşları vizanı indikindən ucuz - 60 deyil, 30 avroya ala biləcəklər.

Avropa Birliyi artıq Gürcüstan, Moldova, Ukrayna və Rusiya ilə viza rejimini sadələşdirib. Bunun nəticəsi olaraq həmin ölkələrə turist axını dəfələrlə artıb.