İslam Mərkəzini yandırıblar

Arxiv foto

İçəridə 80-ə yaxın insan olsa da, xəsarət alan olmayıb
Nyu-Yorkda məşhur İslam Mərkəzini yandırıblar. Naməlum şəxslər bazar axşamı yandırıcı maye ilə dolu şüşəni mərkəzin pəncərəsindən içəri atıblar.

Nyu-York polisinin məlumatına görə, hadisə zamanı məsciddə 80-ə yaxın müsəlman olub. Qapının ağzındakı alovu hiss edən bir neçə nəfər yanğının yayılmasının qarşısını öz gücləri ilə almağa çalışıblar. Bir neçə dəqiqə sonra isə onların köməyinə yanğınsöndürənlər gəliblər.

Nəticədə binaya az ziyan dəyib, xəsarət alan olmayıb. Amerika İslam Əməkdaşlığı Şurası ictimai təşkilatının nümayəndələri hücumu pisləyiblər və polisi hadisəni araşdırmağa, eləcə də, şəhərdəki məscidlərin mühafizəsini gücləndirməyə çağırıblar. Artıq hadisə ilə əlaqədar istintaq başlayıb.