İran rialı son 3 gündə 13 faiz düşüb

Arxiv foto. Tehranda valyutadəyişmə məntəqəsində. 5 oktyabr 2010

İranın milli pulu olan rial son 3 gündə dollara nisbətdə birdən-birə 13 faiz düşüb.
Frans Press yazır ki, sanksiyalar “dişləməyə” başlayıb.

Günün sonunda Tehranda 1 ABŞ dolları 17800 riala qalxıb.

İranın nüvə proqramları ilə əlaqədar həftəsonu ABŞ yeni sanksiyalarını elan edəndə  rial düşməyə başladı.

Şənbə günü Amerika prezidenti Barak Obamanın imzaladığı yeni sanksiyalar İranın maliyyə sektorunu və Mərkəzi Bankını hədəfə alır.

Obama  yeni sanksiyalar sənədini imzalayanda 1 dollar 15500 rial idi.

Keçən il rial dollara nisbətən 66 faiz düşüb.   
 
Avropa Birliyi İrana qarşı əlavə və ayrıca sanksiyalar tətbiq etmək istəyir.

Avropa Birliyinin sanksiyaları İrandan neft alınmasına embarqo qoyulması ilə bağlı  ola bilər. Qərar yanvarın  sonunda veriləcək.