«Qafqaz amazonları» kitabının təqdimatı keçirilib

«Qafqaz amazonları» kitabı

«İxtisasca tarixçi olmayan Nuridə xanımı ruhu və qəlbindəki vətən sevgisi tarixə meylləndirib»

Bu sözləri Nuridə Atəşinin «Qafqaz amazonları: miflər arxasındakı gerçək tarix» kitabının təqdimatında millət vəkili Gülər Əhmədova söylədi.

Kitabın təqdimat mərasimi dekabrin 8-də saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyyətinin binasında gerçəkləşdi.

Azərbaycanın tanınmış tarixçi və arxeoloqlarının rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə işıq üzü görən kitab dörd dildə- azərbaycan, rus, alman və ingilis dillərində Almaniyanın Berlin şəhərində nəşr edilib.

Nuridə Atəşi kitabda indiyə qədər beynəlxalq aləmdə amazonlar haqqında hakim olan fikrə- onların bir mif kimi qəbul edilməsi, yaxud da skit, yunan qadınları sayılmaları, həmçinin ilkin məskənlərinin Kiçik Asiya, Qara dəniz sahili olmaları və Qafqaz bölgəsinə yalnız bundan sonra gəlmələri kimi tezislərə qarşı çıxıb.

Araşdırıcı kitabda amazonların ilkin vətəninin Cənubi Qafqaz, xüsusilə qədim Azərbaycan torpaqları olduğunu sübut etməyə çalışıb.

Kitab Plutarxın «Qafqaz amazonların vətənidir» sözləriylə açılır.

Müəllif təqdimat mərasimindəki çıxışında Qafqaz amazonları sərgisinin, muzeyinin təşkili, həmçinin bu mövzuda beynəlxalq elmi konfransın keçirilməsi, sənədli və bədii filmin çəkilməsi təklifi ilə də çıxış edib.
Xatırladaq ki, Nuridə Atəşi ötən həftə Bakıda düzənlənən Beynəlxalq Qafqaz Albaniyası konfransının da iştirakçısı olub və konfransda Qafqaz amazonları barədə məruzə edib.

Kitab barədə daha ətraflı bilgi AzadlıqRadiosunun bazar günü efirə gedəcək «İz» proqramında veriləcək. «İz»in qonağı Nuridə Atəşi olacaq.