Ali Məhkəmə Bəxtiyar Hacıyev barəsində hökmü qüvvədə saxladı

Bəxtiyar Hacıyev

Dekabrın 6-da Ali Məhkəmə Bəxtiyar Hacıyevin Gəncə şəhər Apellyasiya Məhkəməsinin hökmündən verdiyi şikayətə baxıb və həmin hökm qüvvədə saxlanıb. Amma onun özünün bu prosesdə iştirakı təmin edilməyib.

Bəxtiyar Hacıyevin hüquq müdafiəçiləri qrupunun rəhbəri İntiqam Əliyevin bildirdiyinə görə, onlar onsuz da fərqli bir qərar gözləmədiklərindən Avropa Məhkəməsinə şikayətin artıq demək olar ki, hazır olduğunu və tezliklə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Məhkəmənin qərarı elan etməsindən sonra ailə üzvləri cəzaçəkmə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşüblər. Ali Məhkəmənin qərarı barədə məlumat alan gənc fəal bunları bildirib: “Ali Məhkəmənin qərarı məni təəccübləndirmədi. 2 illik cəza müddətini sona qədər həbsdə qalsam da nə təəccüblənərəm, nə də ki, təəssüflənərəm. Çünki ilk gündən buna özümü hazırlamışam.”

Gənc fəal, keçmiş deputatlığa namizəd, ABŞ-ın Harvard universiteti məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Bakıdakı Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Yerli və beynəlxalq hüquq müdafiəçiləri onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğuna inanır.