Həkimlərin də maaşları 10 faiz artırıldı

Arxiv foto


Azərbaycanda həkimlər dekabrdan başlayaraq maaşlarını 10 faiz artıq alacaqlacaq. Prezident İlham Əliyev dekabrın 6-da dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışanların aylıq vəzifə maaşlarının 10 faiz artırılması barədə sərəncam imzalayıb. Sərəncama görə maaş artımı dekabrın 1-dən hesablanacaq.

Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair sonuncu məlumatına görə Azərbaycanda həkimlərin orta aylıq əməkhaqları 213 manatdır.

Prezidentin indiki sərəncamından sonra isə həkimlər dekabr ayından başlayaraq orta hesabla ayda 21 manat 30 qəpik - 234 manat 30 qəpik alacaqlar. Bu, əlbəttə, orta aylıq əməkhaqqıdır. Səhiyyə sistemində ortadan aşağı və daha yuxarı maaş alan tibb işçiləri də var.

Prezident dekabrın 5-də ali məktəblər istisna olmaqla orta təhsil müəssisələrində çalışanların maaşlarının 10 faiz artırılması barədə sərəncam verib.

Yenə Dövlət Statistika Komitəsinin 2010-cu ilə aid məlumatında orta məktəb müəllimlərinin orta aylıq əməkhaqqının məbləği 245 manatdır.

Yəni, Azərbaycanda orta məktəblərdə çalışanlar da dekabrdan başlayaraq ortalama 24.5 manat daha artıq - 269.5 manat maaş alacaqlar.