Karzai bir daha Pakistanı ittiham edib

Əfqanıstan Prezidenti Hamid Karzai Pakistanı Kabilin talibançılarla sülh səylərini pozmaqda ittiham edib.

O Almaniyanın həftəlik Şpigel jurnalına müsahibəsində deyib ki, Pakistan hakimiyyəti sülh danışıqlarına köməklə bağlı indiyədək edilmiş bütün xahişləri rədd edib.

Bazar ertəsi Bonda Əfqanıstanla bağlı beynəlxalq konfrans başlanır.

Amma İslamabad bu günlərdə Əfqanıstanla sərhəd bölgəsində 24 əsgərinin ölümüylə nəticələnmiş insidentə görə bu konfransda iştirakdan imtina edib.

Bon Konfransında əsasən 2014-cü ildə koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ölkənin inkişafı yolları müzakirə olunacaq.

Əfqanıstanın təhlükəsizlik müşaviri Dadfar Spanta bu günlərdə bəyan edib ki, Pakistanın hərbi rəhbərliyi Talibanla sülh danışıqlara razılıq verməyincə dialoq baş tutmayacaq.