Dini liderlər Rusiyaya yığışıb

Kazandakı Zakabannaya məscidi

Forumda Rusiya və islam dünyası, İslam aləmində dəyişikliklər kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır
Moskvada MDB ölkələrinin İslam liderlərinin forumu baş tutub. Toplantıda son 20 ildə postsovet məkanında dini sahədə baş verən dəyişikliklər müzakirə olunub.

Forumun ikinci günü Nijni Novqorod şəhərində keçirilib. Bundan sonra Rusiyadan və digər MDB ölkələrindən olan İslam liderləri bir həftəlik seminar da keçəcəklər.

Forum Rusiya Müftilər Şurasının yaradılmasının 15 illiyinə həsr olunub. İştirakçılar SSRİ-nin dağılmasından sonra ölkələrdə dini sahələrdə əldə olunan uğurlar haqqında rəylərini bölüşdürüblər.

Müftilər Şurasının beynəlxalq münasibətlər bölməsinin rəhbəri Abbasov Rushan Azadlıq Radiosuna forumda müzakirə ediləcək mövzular barəsində məlumat verib:

“Rusiya və islam dünyası, İslam aləmində dəyişikliklər kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin, hər bir iştirakçı öz ölkələrində İslam icmalarına münasibət haqqında danışacaq”.

Forumda Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən, həmçinin Moskva, Kazan, Orenburq və Sv.Peterburqdan gələn dini liderlər iştirak edirlər.