Vidadi İsgəndərli Qaradağdakı həbsxanaya köçürülüb

Noyabrın 12-də hüquq müdafiəçisi Vidadi İsgəndərli 14 saylı həbsxanaya aparılıb.

Ümumi rejimli həmin cəzaçəkmə müəssisəsi Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşir.

Bu barədə AzadlıqRadiosuna indiyə qədər onun saxlandığı 3 saylı istintaq təcridxanasından məlumat veriblər.

Noyabrın 5-də Gəncə istintaq təcridxanasından Bakıya gətirilən hüquq müdafiəçisi 1 həftə idi ki, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanırdı.

V.İsgəndərli avqustun 27-də Göyçay rayon Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi bu il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanıb.

V. İsgəndərli 7 noyabr parlament seçkiləri zamanı namizədliyini irəli sürmüşdü. O, seçki məntəqəsində səsverməni pozmaqda, məntəqə üzvləri ilə kobud rəftarda təqsirləndirilirdi.

Hüquq müdafiəçisi isə ittihamları rədd edir.

V.İsgəndərli şəkər xəstəliyindən əziyyət çəkir.