Külək 750 illik çinarı aşırdı

Azərbaycanın Zaqatala şəhərində tarixi abidə kimi qorunan 750 yaşlı Şərq çinarı aşıb.

APA-nın məlumatına görə, hadisəyə ötən gündən ölkə ərazisində yağan qar səbəb olub. Güclü küləklə müşayiət olunan qarın yağması nəticəsində «Dədə Qorqud» meydanındakı ağac kökündən çıxaraq aşıb. Ağacın ətrafında olan iaşə obyektinə ziyan dəysə də, xəsarət alan olmayıb.

Ağacın diametri 380 sm, hündürlüyü 35 metr, yaşı isə 750-dən çoxdur. Azsaylı nadir ağac növlərindən olan Şərq çinarı Azərbaycanın «Qırmızı kitabı»na daxil edilib.