Beynəlxalq cinayətlər məhkəməsi Qaddafinin oğlu ilə əlaqə qurub

Beynəlxalq Cinayətlər Məhkəməsinin prokuroru oktyabrın 28-də Muammar Qaddafinin oğlu Saif al-İslamla qeyri-rəsmi əlaqə yaratdıqlarını bildirib. Prokuror Luis Moreno-Ocampo bildirir ki, üçüncü şəxslərin vasitəçiliyi ilə aparılan danışıqda Saifin bu məhkəməyə təslim olması imkanları müzakirə edilib.

Prokurorun ofisindən yayılan məlumatda həmçinin əlavə edilir ki, əgər Saif al-İslam təslim olsa, onun məhkəmədə dinlənmək hüququ olacaq və məhkəmənin qərarına qədər günahsız hesab ediləcək.

Atası Muammar Qaddafinin Sirte şəhərində qətlə yetiriləndən sonra Saif al_islamın harda gizləndiyi məlum deyil. Təsdiq edilməmiş məlumatlara görə o, Nigerə qaçıb.
Beynəlxalq Cinayətlər Məhkəməsində Saif al-İslam atası ilə birlikdə insanlıq əleyhinə cinayətlərdə ittiham edilir. Bundan əvvəl yayılan məlumatlara görə Saif Beynəlxalq Cinayətlər Məhkəməsinə təslim olmağa hazır olduğunu bildirib və bunun üçün təyyarə tələb etmişdi.