Soyuqdan donanlar, minlərlə yeni iş yeri...

Foto: Arxiv

«Yeni Müsavat» qəzetindəki «NEFT-QAZ ÖLKƏSİNİN VƏTƏNDAŞLARI SOYUQDAN DONUR» başlıqlı yazıda Bakı kəndləri sakinlərində qaz problemindən danışılır.

Balaxanı sakini Sabir Məmmədov deyir ki, havanın temperaturu düşdükcə qəsəbəyə verilən qazın təzyiqi də azalır: «Balaxanı qəsəbəsinin dörd bir tərəfi neft buruqlarıdır. Ayağımızın altında zəngin neft-qaz yataqları var. Amma qəsəbəyə təbii qaz demək olar ki, verilmir. Soyuqdan donuruq. ARDNŞ prezidenti Rövnəq Abdullayevdən xahiş edirik ki, bizə qaz verə bilmirsə, heç olmasa xaricilərə satdığı qazın pulundan odun alıb qəsəbə sakinlərinə göndərsin…».

«Bizim yol» qəzeti isə «Azəristiliktəchizat»ın xidmət rəisi Rafiq Əliyevə istinadən yazır ki, Bakı şəhərində «Azəristiliktəchizat»a qoşulmuş 2380 YAŞAYIŞ BİNASI İSTİLİK SİSTEMİ İLƏ TƏMİN OLUNACAQ. Deməli, ötən illə müqayisədə bu il əlavə 70 yaşayış binasına istilik veriləcək: «Bu il 17 ədəd yeni istilik mənbəyi yaratmışıq. Müşfiqabad qəsəbəsində iki yeni qazanxana tikmişik. Bu qəsəbə 20 ilə yaxın idi ki, istilik üzü görmürdü. Bu ildən orada bütün binalar istilik alacaq…».

«Yeni Azərbaycan» qəzeti müxtəlif sənaye və xidmət sahələrində MİNLƏRLƏ YENİ İŞ YERİ açıldığını qeyd edir. Müəllif Nardar Bayramlı yazır ki, «neft satışından Azərbaycan dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Bu da sosial proqramları həyata keçirməyə, əməkhaqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə əlillərinə və qaçqınlara daha çox kömək etməyə imkan verir.

Bütövlükdə, Ulu öndərimizin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində güclü iqtisadi potensial yaradılıb və bu da ölkənin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcək…».