ABŞ-ın ən böyük kitab dükanı böhrandan çıxış yolu tapmağa çalışır

"Barnes and Noble"in Nyu-Yorkda, Manhettendə kitab dükanı

Amerikanın kitab industriyası böhrandan çıxış yolu axtarmaqdadır.

ABŞ-ın ikinci ən böyük kitab dükanları şəbəkəsi olan “Borders” bu yaxınlarda müflis olandan sonra ölkənin ən böyük kitab ticarəti şirkəti olan “Barnes & Noble” bundan nəticə çıxarıb.

“Barnes & Noble” elan edib ki, bundan sonra satdığı malları daha da müxtəlifləşdirəcək. Məsələn, on-line satış “piştaxtalarına” oyuncaqlardan tutmuş televizora qədər 1 milyona yaxın mal əlavə ediləcək.

Bir müddət qabaq şirkət İnternetdə ən böyük ticarət saytı olan Amazon.com-la rəqabətə girərək e-book reader - elektron kitab oxuma qurğusu da istehsal etmişdi.

“Barnes & Noble” öz mallarını onun saytında satışa çıxarmaq istəyən şirkətlərə əməkdaşlıq təklif edir. Buna görə, “Barnes & Noble” belə şirkətlərdən 8-15 faiz haqq alır.

Röyters-in məlumatına görə, “Barnes & Noble”in saytında - BN.com-da gəlirlər son rübdə 37 faiz artıb. Bu da ümumilikdə şirkətin gəlirlərini 14 faiz artırıb.

“Barnes & Noble” indiyəcən əsasən kitab ticarəti ilə məşğul idi. Şirkətin Amerikanın 50 ştatında 700-dən çox kitab dükanı var. Bundan əlavə şirkətin kolleclərdə yerləşən 600-dən çox kitab dükanı 4 milyona qədər tələbəyə xidmət edir.

Son illərdə ABŞ-da elektron kitabların satışı çox sürətlə artdığı üçün əsasən kağız kitabların satışı ilə məşğul olan dükanlar müflis olmağa başlayıb.

Həmçinin oxu
Amerikanın ikinci ən böyük kitab dükanı müflis oldu