Prezidentin saytını sındırdılar

Braziliya prezidentinin rəsmi bloqunda korrupsiyaya qarşı mübarizəyə çağırış peyda olub: «Braziliyalılar, özünüzə inanın - Braziliyanı xilas edin!».

Sayta hücum Braziliyada antikorrupsiya nümayişləri vüsət alandan bir gün sonra edilib. San-Paulu və Rio-de-Janeyro kimi meqapolislər də daxil olmaqla etiraz aksiyaları ölkənin 18 ştatının 25 şəhərində keçirilib.

Haker dövlət aparatını oğrulardan və rüşvətxorlardan təmizləmənin zəruriliyinə işarə olaraq prezidentin saytını əllərində pol ağacı və süpürgə olan nümayişçilərin şəkilləri ilə bəzəyib.

Prezident Dilma Russef korrupsiya ilə mübarizədə barışmaz mövqeli bir adam kimi tanınır. Odur ki, braziliyalıların əksəriyyəti hakerin bu hərəkətinə mənfi yanaşıblar. Hətta bunu «elektron» xuliqanlıq kimi qiymətləndiriblər.

D.Russef hakimiyyətə gəldiyi vaxtdan -2011-ci ilin əvvəlindən korrupsiya qalmaqalına görə 5 federal nazir öz postunu tərk edib. Bu qalmaqal nəqliyyat və turizm nazirliklərini xüsusi silkələyib.

Dövlət başçısının saytı ilk dəfə deyil ki, kompyuter hücumunun obyektinə çevrilir. Sonuncu dəfə belə hadisə iyun ayında baş verib. Amma o zaman cinayətkarlar saytın işini blokirovka edə bilməyiblər. /ITAR-TASS/