Azərbaycana bu il gələcək turistlərin sayı açıqlanıb

Əbülfəs Qarayev

«Biz 2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 2 mln. 100 min nəfərə çatacağını güman edirik».

Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev qeyd edib ki, 2011-ci ildə Azərbaycanda bir çox turizm obyektləri tikilərək istifadəyə verilib:

«Hazırda Azərbaycanda 46 turizm obyekti inşa olunmaqdadır, 22 obyekt isə tikilərək təhvil verilib… 2001-ci ildə bizim turizm obyektləri 6 min turisti tuta bilirdi. Hazırda turistlər üçün nəzərdə tutulan 31 min yataq yeri var, bunun 11 mini Bakının payına düşür».

Ə.Qarayev bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfərin gəldiyini deyib. Onların 1 mln. 500 min nəfəri turist olub. Ötən illə müqayisədə bu, 14% çoxdur. /apa/