Rabitə Nazirliyi elektron imzaların dəyərini açıqlayıb

Foto: Arxiv

Sentyabrın 7-dən etibarən Azərbaycanda elektron imzanın («e-imza») tətbiqinə başlanıb.

Elektron rəqəmli imzaların dəyəri ƏDV nəzərə alınmaqla ildə 14 manatdan 60 manatadək olacaq.

Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Əhali üçün imzaların qiyməti ƏDV nəzərə alınmaqla ildə 14 manat təşkil edəcək. İmzaların hüquqi şəxslər, biznes-strukturlar üçün qiyməti ildə 60 manat, dövlət müəssisələri işçiləri üçün isə 135 manat (üç illik) olacaq.

«Biz xarici ölkələrdəki vəziyyəti analiz edərək, elektron rəqəmli imzaların optimal dəyərini müəyyən etmişik. İmzaların bu qiymətləri ilkin qiymətlərdir və 2012-ci il yanvarın 15-dək qüvvədədir», - İ.Məmmədov bildirib.

Gələn il yanvarın 15-dən sonra imzaların qiymətlərinə yenidən baxıla bilər. /Trend/