17 min təhsil işçisi işdən çıxarılır

Misir Mərdanov

Azərbaycanda orta məktəblərdə çalışan yaşı 65-dən yuxarı olan təhsil işçilərinin işdən çıxarılmasına başlanıb.

Bunu jurnalistlərə Təhsil naziri Misir Mərdanov deyib.

Təxminən 17 min təhsil işçisinin işdən azad olunması nəzərdə tutulur.

«Bu prosesi bir günün içərisində həll etmək fikrində deyilik. Zaman gəldikcə, bunu həyata keçirəcəyik», - M.Mərdanov deyib.

Nazir əlavə edib ki, yaşı 65-dən yuxarı olan işçilərin işdən çıxarılması nəticəsində kadr problemi yaranarsa, bu prosesi müvəqqəti olaraq dayandırmalı olacaqlar.

M.Mərdanov deyib ki, bu addım yalnız təhsilə yeni kadrların cəlb olunmasına xidmət edir.

«Bu işi ona görə edirik ki, təhsilə yeni nəfəs, yeni kadr gəlsin. Ona görə də bu işi ağılla, tələsmədən görmək lazımdır. Hamını işdən çıxarmaqla bir şey qazana bilmərik», - nazir qeyd edib. /Trend/