Müsəlman tələbələr sələmlə oxumaq istəmir

Britaniyada kreditlə təhsilin başqa variantları araşdırılır
Britaniyadakı universitetlərində pullu təhsil qaydalarına dəyişiklik ediləcək. Dəyişiklik nəticəsində təhsil məbləğini ödmək üçün alınan kreditin faiz dərəcəsi artacaq.

Qaydalara görə, universiteti bitirəndən sonra ayda 21 min funtdan artıq maaş alacaq məzunlar təhsil kreditini daha yüksək faizlə - 3 faizlə qaytarmalı olacaqlar. Rəsmilər bunu inflyasiya artımı ilə əlaqələndirirlər.

Britaniyanın ali təhsil müəssisələrində oxuyan müsəlman tələbələr isə bunu sələmçilik kimi qiymətləndirirlər. Şəriətə gtörə, sələm qadağan olduğundan, İslama riayət edən tələbələr bu cür kreditdən imtina etmək niyyətindədirlər.

İslam Tələbə Cəmiyyətləri Federasiyasının nümayəndəsi yerli mətbuata açıqlamasında deyib ki, faiz dərəcəsi inflyasiya artım templərini üstələyəcək. Ona görə də müsəlmanlar bunu sələmçilik kimi qiymətləndirirlər.

Biznes, innovasiyalar və peşəkar təhsil departamenti yaranmış situasiya ilə bağlı tələbə cəmiyyətləri ilə danışıqlara başlayıb. Müzakirə edilən variantlar arasında halal bankçılıq yolu ilə kreditlərin alınması da var.