Yuşşenko məhkəmədə Rusiya ilə qaz müqaviləsinin ləğvini təklif edib

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko bu gün keçmiş baş nazir Yuliya Timoşenkonun məhkəməsində ifadə verərkən 2009-cu ildə Rusiyayla imzalanmış qaz müqaviləsinin ləğv edilməsini təklif edib.

Məhkəmə binasının qarşısına yığışan Timoşenkonun tərəfdarları Yuşşenkonu “Ar olsun” , “ Satqın” şuarlarıyla qarşılayıblar.

Timoşenko 2009-cu ildə hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Söhbət Rusiyadan olduqca baha qiymətə qaz almaqdan gedir.

Hazırda həbsdə olan keçmiş baş nazir ittihamı rədd edir.