Yerevanın meri köşkləri sökdürür

Yerevanda köşklər sökülür, 10 avqust 2011

Avqustun 11-də meriyanın həftəlik iclasında mer Karen Karapetyan deyib ki, dövlət qeydiyyatı olmayan köşklərin söküntüsü davam edəcək.

«Düşünmürəm ki, mərkəzi küçələrdəki köşk sahibləri kasıbdırlar. Meriyanın onlar qarşısında heç bir öhdəliyi yoxdur. Onlara müddət verilmişdi, bu müddət ərzində onlar işlərini planlaşdırmalı idilər. Biz onlara kompensasiya ödəməli deyilik», - deyə K.Karapetyan əlavə edib.

Ermənistanın paytaxtında neçə kiçik dükanın söküləcəyi isə hələ də məlum deyil.

Köşk sahibləri deyirlər ki, onlar ağır maliyyə çətinliyi çəkirlər, çünki öz bizneslərini inkişaf etdirmək üçün bank krediti götürməyə məcbur olublar. İndi qorxurlar ki, köşkləri sökülsə, müflis ola bilərlər.

Bu arada avqustun 10-da Yerevanın Arabkir rayonunda köşkləri sökülənlər hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada polislə toqquşma yaranıb.

Köşk sahiblərinin hökumət binası qarşısında etiraz aksiyası. 11 avqust 2011
Arabkir rayonunda hökumət nümayəndəsinin tələbinə baxmayaraq, meriya əməkdaşı söküntü üçün yazılı icazə təqdim edə bilməyib.

«Miras» Partiyasından Anait Baxşyan hökumət ilə şəhər rəhbərliyi arasındakı bu ziddiyyəti belə şərh edib:

«Yerevan – dövlət içində dövlətdir».

Bu arada hökumətin iclasında Baş nazir Tiqran Sarkisyan Karapetyandan izahat tələb edib:

«Biz vətəndaşlarımızı məlumatlandırmalıyıq ki, köşklər kütləvi şəkildə sökülməyəcək... İnsanlar minlərlə köşkün söküləcəyindən narahatdırlar. Bu məsələyə fərdi yanaşılacaq və köşklər ancaq zəruri halda söküləcək...».

Yerevan meri də bununla razılaşıb.