İlham Əliyev iftar mərasimində iştirak edib

İlham Əliyev iftar mərasimində iştirak edib

Avqustun 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi «Qurani-Kərim»dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Azərbaycanda din-dövlət münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev ölkədə bütün xalqların, dinlərin nümayəndələrinin rahat, dostluq-qardaşlıq şəraitində yaşadığını bildirib.

İ.Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, Azərbaycanın dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Sonra iftar süfrəsi açılıb. /AzərTAc/