Dünya liderləri bazarları sakitləşdirməyə çalışırlar

Frankfurt birjası, 5 avqust 2011

Dünya liderləri ABŞ-ın kredit reytinqinin aşağı salınması və avro-zonada borc böhranının davam etməsi ilə əlaqədar maliyyə bazarlarında yaranmış gərginliyi azaltmağa çalışırlar.

Avqustun 5-də «Standard & Poor's» tarixdə ilk dəfə ABŞ-ın uzunmüddətli kredit reytinqini AAA-dan AA+-ə endirib. Bu, qlobal səhm bazarlarının trilyonlarla dollar dəyər itirdiyi bir həftənin sonunda baş verib.

ABŞ iqtisadiyyatının bərpasının yubanması və Avropada borc böhranının yayılma təhlükəsinin olması beynəlxalq birjalarda böyük narahatlıqlara səbəb olub. Bu narahatlıq hətta «Böyük Yeddiliyə» daxil inkişaf etmiş ölkələri bəyanat verməyə vadar edib. Onlar qlobal bazarlarda sabitlik yaratmaq üçün bir-biri ilə koordinasiyalı şəkildə işləməkdə qərarlı olduqlarını bildiriblər.

«Böyük 20»yə daxil ölkələr də bəyan edib ki, maliyyə bazarlarını sabitləşdirmək və iqtisadi artımı qorumaq məqsədilə birlikdə hərəkət etməyə hazırdırlar.

Nəhayət, büdcə kəsirləri yüksək həddə olan İspaniya və İtaliyanın da borc böhranına sürüklənməsi qorxusu Avropa Mərkəzi Bankını hərəkətə keçməyə vadar edib.

BANK BİLDİRİB Kİ, İSPANİYA VƏ İTALİYANIN DÖVLƏT QİYMƏTLİ İSTİQRAZLARINI ALMAĞA HAZIRDIR

Hər iki ölkə iqtisadiyyatı canlandırmaq və borc problemlərini həll etmək üçün yeni tədbirlər planı hazırlayır.

Timoti Qaytner
Avropa Mərkəzi Bankının bu açıqlaması bazarları bir qədər sakitləşdirib.

Asiya birjalarında səhmlərin qiyməti azalıb. Avropa birjaları günə bir qədər itki ilə başlasalar da, sonradan dəyər qazanıblar.

Bu arada ABŞ-ın Maliyyə naziri Timoti Qaytner (Timothy Geithner) «Standard & Poor's»in qərarını pisləyib:

««Standard & Poor's» yanlış qənaətə gəlib. Onlar ABŞ büdcəsi ilə bağlı əsas göstəricilər barədə kifayət qədər məlumatlı olmadıqlarını nümayiş etdiriblər. Düşünürəm ki, yanlış nəticəyə gəliblər».

Bundan əvvəl bəzi respublikaçı konqresmenlər Maliyyə nazirini istefa verməyə çağırmışdılar.

Ağ Ev sözçüsü Cey Karni (Jay Carney) bildirib ki, prezident Barak Obama (Barack Obama) Maliyyə nazirindən vəzifəsində qalmağı xahiş edib. O da işini davam etdirmək qərarı verib.