Səxavət Sahil. Tanış tabut

ÖLÜMÜN İNTİQAMI

...Mən
yağışlı bir gündə öldüm,
günəşi görmədim.
Gözlərimi
damlalar örtdü,
son sözümü unutdum.
Yağışı
son nəğmə kimi
dinlədim...
...sənsiz bir gün
yaşamasam da,
sənsiz bir gündə öldüm,
gözlərini görmədim...


BIR AZ GÜNƏŞ DINLƏDIM

Bir qədər öncə
bir az
günəş dinlədim.
Dərdləşdik.
Dərdim
günəş qədərmiş demə.
Darıxma dedi,
tələsmə dedi.
Kainatı, işığı
sevməyi dedi.
Dinlədim günəşi
dinlədim susdum.
Sevgidən savayı
Hər şeyi unutdum...
...Bir az günəş dinlədim
bir az günəş sevdim.


TANIŞ TABUT

(İnsanın özü haqqında)

Bir gün işdən çıxıb
evə gedəndə
qarşına tabut aparan
adamlar çıxar.
Bir az diksinib,
yol verərsən
kənara çəkilib.

İçindən qəribə
bir duyğu keçər:
-Aman Allah kimdi bu?
Durub baxarsan
tabitun arxasınca-
Kəfənin içində
üzünü görmədiyin
ölü sənə tanış gələr.

Evə gedərsən
yadından çıxmaz
səhər, axşam
yadından çıxmaz.
Yatarsan
yuxundan çıxmaz...

Bilməzsən o kimi idi?
Cavandır, qocadır,
kişidir, qadındır?
Baş açmazsan özündən-
bu nə sirrdir, nə işdir.

Hara getsən
bu naməlum, bilinməz
qara tabut
yenə səndən
əl çəkməz.

Qəfildən yadına düşər
narahat olarsan,
əhvalın dəyişər.
Getməz,
gözlərinin önündən
qara tabut.
Özün-özünü
danlayarsan:
-Nə olub sənə,
yadından çıxar unut,
bu tabutdan sənə nə.

Düşünərsən tək qalanda:
-Axı üzünü görmədiyim,
adını bilmədiyim
Kim olar, kim bilər...?
Bəs niyə bu tabut
tanış gəlir bu qədər?
Tanıyırsan bəlkə də,
rastlaşıbsan hardasa?

...Qəlbindən ağrı keçər
Üzülərsən günbəgün
Rahat buraxmaz səni
Qara tabut bütün gün...