Süleyman Rüstəm. Axtararsınız

Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız.
Beş-altı nəğmənin müəllifini,
Sevən könüllərdə axtararsınız.
İlk bahar çağında
İsa bulağında,
Araz qırağında,
Sonalı göllərdə axtararsınız.

Gözəllər gözəlim, vətəndir, vətən,
Nə duman görəcək, amalım, nə çən.
Məni, karvan-karvan mənalı keçən,
Aylarda, illərdə axtararsınız.
Görən gözümü,
Ürək sözümü,
Mənim özümü
Nəğməli dillərdə axtararsınız!