Komissiyanın rəhbəri: «Təyyarənin «Taliban» tərəfindən vurulması ehtimalı çox böyükdür»

İL-76

Azərbaycanın Əfqanıstanda qəzaya uğrayan yük təyyarəsi ilə bağlı apardığı araşdırma maneələrlə üzləşir. Cəsədləri və təyyarənin qalıqlarını götürmək üçün Əfqanıstan rəsmiləri ilə yanaşı, həmin əraziyə nəzarət edən «Taliban» qüvvələri ilə də danışıqlara cəhd göstərilir.

Bunu təyyarə qəzasının səbəblərini araşdıran komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov iyulun 9-da keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, döyüşlər getdiyi üçün hadisə baş verən əraziyə yaxınlaşmaq mümkün olmayıb:

«Əfqanıstanın Nəqliyyat Nazirliyi NATO qüvvələri ilə birlikdə iki dəfə əraziyə yaxınlaşmağa cəhd göstərib. Lakin hər iki cəhddə havaya qalxan helikopterlər yerdən atəşə tutulub. Məhz buna görə də onlar ərazidən uzaqlaşmalı olublar. Buna baxmayaraq, ikinci cəhd zamanı qəza baş verən ərazidə fotoçəkilişlər aparmaq mümkün olub. Çəkilmiş fotolardan qəzaya uğrayan təyyarənin bizə məxsus olduğu müəyyən edilib».

İ. Əmirov həmçinin qeyd edib ki, təyyarəni «Taliban» qüvvələrinin vurması ehtimalı çox böyükdür.

O deyib ki, hadisə baş verən ərazi çox əlverişsizdir:

«Orada sıldırım qayalar var, oraya 3 saat ərzində piyada qalxmaq lazımdır».

Azərbaycanın «Silk Way» aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-sı Bakı vaxtı ilə 02:10 radələrində Baqram hava limanına enməyə hazırlaşarkən onunla rabitə kəsilib və radarlardan itib.

9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır. /apa/