Azərbaycanda yol qəzalarının statistikası açıqlandı

1087 yol qəzasından 516-na yüksək sürət səbəb olub

Bu ilin ilk 5 ayında respublikada qeydə alınan yol qəzalarının yarısı avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev «Trend»ə bildirib ki, hesabat dövründə qeydə alınan 1087 yol qəzasından 516-na yüksək sürət səbəb olub.

Yüksək sürət 167 nəfərin həyatına son qoyub, bu qəzalarda 467 nəfər xəsarət alıb.

5 ayda qeydə alınan qəzalarda 323 nəfər ölüb, 1300 nəfər yaralanıb.

Qəzaların 280-i ötmə qaydalarının pozulması səbəbindən baş verib. Nəticədə 73 nəfər həlak olub, 410 nəfər xəsarət alıb.

Hesabat dövründə qeydə alınan qəzaların 422-si toqquşma (95 ölüm, 606 xəsarət), 116-sı aşma (50 ölüm, 123 xəsarət), 481-i piyadaların vurulması (131 ölüm, 374 xəsarət) olub.
Qeydə alınan qəzaların 618-i, ölümlərin 138-i, xəsarətlərin 671-i Bakının payına düşüb.