Məscidə gedən uşaqların valideynləri cərimələnəcək

Tacikistanda qəbul edilən qanuna görə, belə uşaqların ata-anası valideynlik hüququndan da məhrum edilə bilər

Tacikistan parlamenti “Valideynlərin məsuliyyəti haqqında” qanun layihəsini təsdiqləyib. Bu qanunda ən çox müzakirə doğuran məqam uşaqların məscidə getməsi ilə əlaqədar valideynlər üçün nəzərdə tutulan cəza sistemi ilə bağlı olub.

Artıq parlamentin Alt Palatasının deputatları dövlət başçısı Emomali Rahmon tərəfindən təqdim edilən qanun layihəsini yekdilliklə təsdiqləyiblər. Yalnız müxalif İslam Dirçəliş Partiyasının iki üzvü qanunun əleyhinə səs verib.

Qanun layihəsini deputatlara Tacikistanın təhsil nazirin Abdudcabbor Rahmonov təqdim edib. Nazir deyib ki, bu sənəd təlim-tərbiyə baxımından ciddi önəm daşıyır.

Yeni qanuna görə, yetkinlik yaşına çatmayan uşaqların dərs vaxtı məscidə getməsi qadağan olunur. İstisna yalnız dini məktəb tələblər üçün edilir. Yerdə qalan məktəblərin şagirdləri yalnız dini bayramlarda dərs vaxtı məscidə gedə bilər.

Qanun məscidə gedən uşaqların valideynləri üçün cərimə nəzərdə tutur. Lakin bu qanun pozuntusu bur neçə dəfə təkrarlanarsa, onda həmin uşaqların ata-anasını hətta valideynlik hüququndan da məhrum etmək mümkündür.

”Avesta” İnforasiya Agentliyinin yaydığı məlumata görə, hazırda sənədə senatorlar baxır. Onlar da layihəni təsdiqləyərsə, onda prezidentin imzasından sonra qanun qüvvəyə minəcək.

“Valideynlərin məsuliyyəti haqqında” qanun layihəsi ötən ilin dekabrında Tacikistan prezidenti Emomali Rahmonun təşəbbüsü ilə ictimai müzakirəyə çıxarılıb.