Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir

Əbülfəz Qarayev

«Eurovision» mahnı yarışması zamanı Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir.

Bu barədə jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev məlumat verib.

O deyib ki, hazırda təşkilat komitəsi hazırlıqla bağlı işlər aparır. Yaxın vaxtlarda mahnı yarışmasının keçiriləcəyi yer barədə də müvafiq qərar qəbul ediləcək.

Ə. Qarayev xidmətin səviyyəsinin yüksəldilməsi üçün otellərə müvafiq tapşırıqlar verildiyini bildirib. Sentyabradək bütün otellərdə «on-line» qeydiyyat prosesi yaradılacaq.

Ə. Qarayev hazırda Bakıda 6 yeni 5-ulduzlu mehmanxananın tikildiyini də bildirib. Həmçinin, 6 ucuz – hostel tipli motelin istifadəyə verilməsi planlaşdırılır.

Nazir əlavə edib ki, yarışma dövründə turistlərə Bakıdakı restoranlarda Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olmaq imkanları yaradılacaq. Həmçinin, otellərin işçi heyətləri üçün treninqlər təşkil olunacaq. /APA/