Əfv yoxsa azadlıqların tanınması?

Çingiz Qənizadə
«Panorama» verilişində suallara deputat Çingiz Qənizadə və «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid cavab verir.

Çingiz Qənizadə:

«BU AKTDAN MİNLƏRLƏ İNSANA SEVİNC PAYI DÜŞÜB»

- Bu, humanist bir aktdır. Bu aktı imzalayan şəxsə də sağ oldan başqa bir şey demək olmaz. Sonuncu əfv fərmanı 90 məhbusa şamil edildi. Onların da hər birinin onlarla qohumu, dostu-tanışı var. Deməli, bu aktdan minlərlə insana sevinc payı düşüb.

Qənimət Zahid:

«ORADA 8 VİCDAN MƏHBUSU QALIR»

- Əfv, amnistiya onun şamil olunduğu hər bir cinayət işlətmiş məhbusun üzərinə məsuliyyət qoyur. Yəni, lütfkarcasına məhbusa dəyişməsi üçün şans verilir. Ancaq bizi daim presedentlər narahat edir. Mən əfvlə azadlığa çıxanda, Azərbaycan həbsxanalarında cəmi bir vicdan məhbusu qaldı - Eynulla Fətullayev. Ancaq indi Eynulla Fətullayev azadlığa çıxsa da, orada 8 vicdan məhbusu qalır. Bu presedentləri ortadan yığışdırmaq lazımdır.

- Bu presedenti necə aradan qaldırmaq olar. Məhkəmələr müstəqil olsa, siyasi məhbus problemi yoluna qoyula bilərmi?

Qənimət Zahid:


«BU, ƏLAHƏZRƏT PADŞAHIN LÜTFÜ NƏTİCƏSİNDƏ BAŞ VERDİ»

- Mən sizə bir nümunə deyəcəm. Bu günlər Azərbaycan məhkəmələrində belə bir olay baş verdi. Hakim məhkəmə nəzarətçisinə dustağın qandallarını açmağı tapşırdı, o, isə bundan imtina etdi. Təsəvvür edirsinizmi, bir çavuş hakimə deyir ki, yuxarıdan mənə desinlər, sonra dustağın qandalını açım.
Qənimət Zahid

Bu, Azərbaycanda təkcə məhkəmə hakimiyyətinin yox, bütünlükdə hakimiyyətin olmadığının göstəricisidir. Təkcə məhkəmələrin müstəqil olması kifayət deyil. Hakimiyyətlər arasında dəqiq bölgü olmalıdır. Üstəlik, artıq çavuş da başa düşür ki, Azərbaycanda qanuni hakimiyyətlər yox, məchul göstərişlər önəmlidir. Belədə biz bir nəfər vicdan məhbusunun əfv olunmasına sevinəcəyik ki, bu, əlahəzrət padşahın lütfü nəticəsində baş verdi.

Çingiz Qənizadə:

«İSLAHATLAR DAVAM ETMƏLİDİR»

- Azərbaycanda məhkəmə hakimiyyətində problemlər var. Bunu tək jurnalistlər yox, elə rəsmilər də dilə gətirirlər. Hətta görüşlərinin birində prezident İlham Əliyev də məhkəmə hakimiyyətinin problemlərindən danışmışdı. Mən də razıyam ki, bu problemlər qalacaqsa, ədalətsiz qərarların verilməsi davam edəcək. Ancaq mən o fikirlə razı deyiləm ki, bütün tapşırıqlar Prezident Aparatından verilir. Sadəcə, hakimlər özləri öz müstəqilliyini tanımalıdırlar. Bəzən onlar ədalətli qərarlar vermək istədikdə belə, heç onlara sifariş olmasa da, yuxarıların xoşuna gəlməyəcəklərindən ehtiyatlanırlar. Ancaq aparılan son islahatlar, yeni hakim korpusunun seçilməsi və cavan kadrların təmənnasız işə cəlb edilməsi vəziyyəti dəyişir. Belə hesab edirəm ki, bu islahatlar davam etməlidir.