Dövlət Departamenti Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır

ABŞ Dövlət Departamenti «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayan bəyanat yayıb.

Departamentin sözçüsünün müavininin səlahiyyətlərini icra edən Mark Toner qeyd edib ki, «biz Fətullayevin işini yaxından izləmişik, Azərbaycanı qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə şəffaf və açıq hüquqi prosesə çağırmışıq. Biz cənab Fətullayev və ailəsini onun azadlığa buraxılması münasibətilə təbrik edirik».

Dövlət Departamenti qeyd edir ki, ABŞ hökuməti ifadə azadlığı da daxil olmaqla demokratik islahatlarda irəliləyiş istiqamətində Azərbaycanla əməkdaşlığa davam edəcək.