AXCP möhürsüz qalıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyev Azadlıqradiosuna bildirib ki, aprelin 30-dan partiya möhürsüz qalıb. Onun deməsinə görə, partiyanın təşkilat şöbəsinin sədri Şahin Həsənov 2 aprel aksiyasına görə Şəmkirdə həbs ediləndə, partiyanın möhürü onun üstündə olub:

«Əvvəlcə istintaqdan möhürün onlarda olmadığı bildirilirdi. Sonradan möhürü qaytaracaqlarına dair söz versələr də, hələ qaytarmayıblar. Biz saxta sənədlərin hazırlanmasında partiyanın möhüründən istifadə olunmasından narahatıq. Misal üçün partiya üzvlərinin istefası ilə bağlı saxta üzvlük sənədlərinə möhür vurula bilər».

Şəmkir rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Məhərrəm Məmmədov isə AzadlıqRadiosuna bildirib ki, cinayət işi sənədlərinin içərisində partiyanın möhürü yoxdur.