Bakı-Tbilisi-Qars layihəsinə dəyişiklik edilib

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Gürcüstan hökumətləri arasındakı müqaviləyə dəyişiklik edilib.

Azərbaycan Nəqliyyat Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfinin ayıracağı məbləğ 775 mln. dollara qədər artırılıb. İlk tranş 200 milyon dollar 25 illiyinə illik dərəcəsi 1 faizlə verilir, sonrakı tranş - 575 milyon dolların isə illik dərəcəsi 5% olacaq. Bu məbləğin kredit müddəti də 25 ildir.

Nazirlikdən bildiriblər ki, layihənin bahalanmasının səbəbi son illər dünya bazarında mal-materialların bahalaşması və başqa amillərlə bağlıdır.

Əvvəlcə 420 milyon dollara qiymətləndirilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin sonradan smetası 600 milyon dollara çatmışdı. Amma layihə ilə bağlı son dəyişikliklər və əlavə vəsaitlərin ayrılmasından sonra layihənin ümumi dəyəri 1,2 mlrd. dollara çatıb.