Koroğlu dastanı ("Koroğlunun Dərbənd səfəri") - 21

əvvəli

Dəmirqapı Dərbənddə bir Ərəb paşa var idi. Ərəb paşanın Möminə adlı bir gözəl qızı var idi.

Möminə xanım Koroğlunun adını, iyidlik tərifini eşitmişdisə də, ancaq üzünü görməmişdi.

Deyirdi görəsən bu paşaları, bəyləri zara gətirən, karvanlar vuran, tacirlər soyan Koroğlu necə iyiddi?

Möminə xanım görməzə-bilməzə Koroğluya aşıq olmuşdu. Möminə xanım bir gün Koroğluya belə bir namə yazdı:

Başına döndüyüm ay qoç Koroğlu,
Əyər iyid isən gəl apar məni.
Həsrətindən yoxdu səbrim, qararım,
İncidir sərasər ahı-zar məni.
Çənlibel üstündə əsrəmiş nərsən,
Düşmən qabağında dayanan ərsən,
Tamam dəlilərə iyit sərkərsən,
Axtarsan, taparsan düz ilqar məni.
Dəmirqapı Dərbənd əcəb tamaşa,
Batıb gözəlləri ala, qumaşa,
Adım Möminədi, atam Ərəb paşa,
İstərəm, özünə elə yar məni.
Möminə xanım naməni tamam elədi. Atasının İsa adlı bir nökəri
var idi. Qarabaşını göndərib nökər İsanı yanına çağırtdı. Naməni
nökərə verdi, dedi:
– Bu naməni apar, Çənlibeldə qoç Koroğluya ver.
İsa naməni götürüb yola düşdü. Gecə-gündüzə salıb özünü Çənlibelə
yetirdi. Möminənin naməsini Koroğluya verdi, qayıtdı.
Koroğlu namənin məzmunundan halı oldu. O saat Qıratı yəhərlətdi.
Dəlilər, xanımlar dedilər:
– Ay Koroğlu, haraya səfərin var?
Koroğlu dedi:
– Dəmirqapı Dərbənddə Ərəb paşanın qızı Möminə xanım boynuma
deyin salıb, gərək gedəm onu gətirəm.
Dəlilər dedilər, onda qoy biz də sənlə gedək. Koroğlu razı olmadı.
Özü tək atlanıb Dəmirqapı Dərbəndə yola düşdü. Hər yerdən keçib
gəldi Dərbəndə çatdı. Koroğlu Qırat da yedəyində bazarda gəzinirdi.
Camaat ona, atına baxıb mat qaldılar. Ərəb paşaya xəbər apardılar ki,
Dərbəndə bir adam gəlib, nə özü bizim yerin adamlarına bənzəyir, nə
atı bizim atlara. Ərəb paşa Koroğlunu yanına çağırtdırdı. Ərəb paşa
Koroğlunu görməmişdi, onu tanımırdı, ancaq adını eşitmişdi. Koroğluya
dedi:
– Haralısan, nəçisən?
Koroğlu dedi:
– Mən aşıqam, izin olsa sazla deyərəm.
Aldı Koroğlu:
Ərəb paşa, sənə bir ərz eləyim,
Yerim xəbər alsan, Muradbəyliyəm.
Yağı düşmən mənnən qovğa başlasa,
Əyri qılınc əldə düşmən qovlaram.
Bağ bəsləyib qızıl gülün dərməsən,
Dərib, dərib yaylaq üstə sərməsən,
Mətləbə gəlmişəm, mətləb verməsən
Sığal verib Misri qılınc tovlaram.
Çənlibeldən bu diyara gəlmişəm,
Yazdığınız o ilqara gəlmişəm.
Koroğluyam, nazlı yara gəlmişəm,
Gərək gözəlləri seçib boylayam.
Söz tamam oldu. Ərəb paşa Koroğlunu tanıdı, nə mətləbə gəldiyini
də bildi. Vəzirini yanına çağırdı, dedi:
– Vəzir, Koroğlu qızım Möminəni istəyir, bu barədə fikrin nədi?
Vəzir dedi:
– Paşa sağ olsun, Çənlibeldən buraya gəlib, gərək verəsən, verməsən
zorla aparıb hamımızı da qırar. Bir qızdan ötəri bu qədər qana
bais olmaq, mahalı talatmaq olmaz. Yaxşısı budu ki, qızını ver, özünü
də qoşuna sərkərdə elə.
Ərəb paşa vəzirinin məsləhətinə razı oldu. Toy eləyib, qızı Möminəni
Koroğluya verdi. Koroğlu burada xeyli qalası oldu. Ərəb paşanın
xahişinə görə döl üçün Qıratı ilxıya qatdılar. Qırat bir vaxt ilxının içində
oldu. Ancaq ondan kəhərnişan bir madyan döl tutdu, balaya qaldı.
Bu tərəfdən Koroğlu bir müddət Möminənin yanında qaldı.
Günlərin bir günü Çənlibel, dəlilər yadına düşdü. Möminəyə dedi:
– Mən gedirəm, Çənlibel yeyəsizdi, dəlilər yolumu gözləyir, al bu
bazubəndi saxla, qızım olsa onnan dolanar, oğlum olsa qoluna bağla,
gələr məni tapar.
Koroğlu bazubəndi Möminəyə verdi, onnan halallaşdı. Qıratı, gətirtdi,
yəhərlədi mindi, Çənlibelə yola düşdü. Koroğlu çoxdan idi ki, dəlilərdən,
xanımlardan ayrılmışdı, könlü onları çox istəyirdi. Qıratı yeldən
yeyin, sudan iti sürürdü. Qırat dağları, dərələri aşdı, yolları, yamacları
keçdi, Koroğlunu Çənlibelə yetirdi. Koroğlu dəlilərlə görüşdü, öpüşdü,
hallarını soruşdu. Nigar xanım gördü Koroğlu boş gəlib, dedi:
– Ay Koroğlu, Möminəni niyə gətirmədin?
Aldı Koroğlu:
Canım Nigar, gözüm Nigar,
Ağlar qaldı yar, nə deyim?
Sənə qurban özüm Nigar,
Könlümdə ah-zar, nə deyim?
Ayrılanda candan oldum,
Mən dindən, imandan oldum.
Həm huri-qilmandan oldum,
Dünya mənə dar, nə deyim?
Koroğluyam məlul oldum,
Qürbət eldə zəlil oldum,
Möminəyə dəlil oldum,
Tərlan olmaz sar, nə deyim.
Bunlar burada qalsınlar, sənə Dərbənddə Möminədən xəbər verim.
Doqquz ay, doqquz gün, doqquz saat tamam oldu. Möminənin Koroğludan
bir oğlu dünyaya gəldi. Uşağın adını Həsən bəy qoydular.
Həsən bəy böyüdü, on səkkiz yaşına çatdı. Oğlanın boyu buxunu, sürsüfəti,
xoy-xasiyyəti eynən Koroğluya oxşayırdı. Gözləri oyur-oyur
oynayırdı, heç dinc durmaqla işi yox idi. Bunu döyürdü, onu söyürdü,
hamını əlindən zara gətirmişdi. Bu dinc durmamağının üstündə əlləmayaq
olduğu üçün hamı ona Kürdoğlu deyirdi. Ərəb paşa bir neçə
dəfə onu yanına çağırıb öyüd, nəsihət verdi, başa gəlmədi. O yenə özü
bildiyini elədi. Bir gün oynadığı yerdə sözü çəpləşdi, bir keçəli bərk
döydü. Ağzının-burnunun qanını bir-birinə qatdı. Keçəl onun əlindən
qurtarıb bir yana çəkildi, dedi:
– Mən sənə nə eləmişəm, məni niyə döyürsən, ay atasından
xəbərsiz. Sənin atan yoxdu, kim bilir anan kimdən qazanıb.
Bu söz Kürdoğluna ox dəyən kimi dəydi, dağdan ağır gəldi. Kürdoğlu
oradan birbaşa anasının yanına yüyürdü, dedi:
– Ana, mənim atam kimdi?
Möminə xanım Koroğlunun oğlu olduğunu demək istəmədi. Gözünün
ağı-qarası bir oğlu idi. Yanından buraxmamaq üçün dedi:
– Oğul, sənin atan yoxdu.
Kürdoğlu dedi:
– Ana, de görüm, mənim atam kimdi? Doğrusunu deməsən səni
də, özümü de öldürərəm.
Axırda Möminənin əlacı kəsilib dedi:
– Oğul, sənin atan xanlara, bəylərə qan udduran, Çənlibeldə oylağı
olan sərkər qoç Koroğludu.
Kürdoğlu dedi:
– Bə indiyə kimi atam olmağını niyə məndən gizlətmişdin?
Möminə dedi:
– Qorxurdum gedib tapa bilməyəsən, düşmən əlinə düşəsən.
Kürdoğlu atasının yanına gedəsi oldu. Anasından rüsxət istədi.
Anası əzəl istədi rüsxət verməsin, gördü durası deyil, gedəcək. Axırda
əlacsız qalıb rüsxət verib dedi:
– Get babandan da rüsxət al.
Kürdoğlu oradan babasının yanına gəlib dedi:
– Baba, mənə rüsxət ver, Çənlibelə, atam Koroğlunun yanına
gedirəm.
Ərəb paşa dedi:
– Oğul, sən hara, Çənlibel hara, gedib atanı tapa bilməzsən, paşalar,
xanlar hamısı Koroğluya düşməndi, tutarlar səni öldürərlər. Getmə,
qal, yaşım keçib qocalmışam, mənim yerimdə paşa ol.
Kürdoğlu razı olmadı. Ərəb paşa gördü ki, Kürdoğlu qalmayacaq.
Axırda rüsxət verdi, dedi:
– Xəzinədən pul götür, ilxıdan özün bəyənən bir at tut, min elə get.
Kürdoğlu getdi xəzinədən pul götürdü, ilxının içinə gəldi, hansı atı
tutdu mindi, davam gətirə bilməyib beli qırıldı. Qıratdan maya tutmuş
kəhərnişan madyanın bir balası olmuşdu. Böyümüşdü, ilxının içində
idi. O zamandan bu zamana heç kimə tutulmurdu. Kürdoğlu kəmənd
atdı, həmin atı tutdu. Gətirdi güclə yəhəri belinə basıb mindi. Sürdü
Dərbənd bazarına çıxdı. Qılıncı yox idi. Fətəli adlı bir ustanın yanına
gəldi. Atdan düşdü, qılınc istədi. Fətəli ona bir neçə qılınc göstərdi.
Kürdoğlu qılıncları əlinə aldı, bir-bir basdı qırdı, o yana atdı. Usta
gördü, bu heç hır-zır qanmır, dedi:
– Ay oğul, mən bir kasıb adamam, bir böyük külfəti bununla dolandırıram,
niyə qılıncları qırdın, tökdün, mənim uşaxlarımı ac qoydun,
bəs sən nə istəyirsən, sənə necə qılınc lazımdı?
Kürdoğlu əzəl çıxartdı qırdığı qılıncların pulun verdi, sonra üzünü
ustaya tutub, görək nə dedi:
Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək bir qərar ola.
Dəstəsi şirmayı, özü qoşa noy,
Vuranda ürəkdən xəbərdar ola.
Xorasan poladın yaxşısından seç,
Yaxşısı olmasa yamanından keç,
Hər nəyə vuranda dayanmaya heç,
Ya fil, ya kərkədən, ya da kəl ola.
İraqdı mənzilim, uzaqdı ara,
Suyu çox sərt ola, irəngi qara,
Yarı cılxa polad, yarı nalpara,
Qara əqrəb kimi zəhrimar ola.
Həsən bəy kamandar, ötürməz ovu,
Kimdi bu dünyada babamın babı?
Qayıtmaya ağzı, iti qılovu
Hər nəyə dəyəndə tarimar ola.
Usta mətləbi anladı. Kürdoğluna necə qılınc lazımdı bildi. O saat
Xorasan poladının yaxşısından seçib bir qılınc qayırdı, dedi:
– Al, bu sən istəyən qılıncdı.
Kürdoğlu qılıncı götürdü, belinə bağladı, ustanın haqqını verdi.
Atını mindi, Ərəb paşanın yanına gəldi, dedi:
– Baba, ilxıdan bu atı tutdum, xoşuna gəlirmi?
Ərəb paşa gördü Kürdoğlu tutduğu at Koroğlunun Qıratının balasıdı,
dedi:
– Oğlu, çox yaxşı atdı, yaxşı yol.
Kürdoğlu babası ilə halallaşıb anasının yanına gəldi. Aldı görək nə
dedi:
Canım ana, gözüm ana,
Rüsxət ver, mən gedər oldum.
Sənə qurban özüm ana,
Rüsxət ver, mən gedər oldum.
Möminə xanım:
Canım oğul, gözüm oğul,
Allaha tapşırdım səni.
Sənə qurban özüm, oğul,
Allaha tapşırdım səni.
Kürdoğlu:
Nəsihətlərin tutaram,
Qanın qanlara qataram,
Gedib atama çataram,
Rüsxət ver, mən gedər oldum.
Möminə xanım:
Koroğludu atan zatı,
Çənlibeldə var busatı,
Bazubənddi amanatı,
Allaha tapşırdım səni.
Kürdoğlu:
Şirin sözüm zülal elə,
Qara qaşın hilal elə,
Ana, südün halal elə,
Rüsxət ver, mən gedər oldum.
Möminə xanım:
Möminəyəm, sözüm zülal
Gözüm göyçək, qaşım hilal,
Südüm olsun sənə halal,
Allaha tapşırdım səni.
Sözləri tamama yetişdi. Möminə xanım Koroğlunun ona vermiş
olduğu bazubəndi gətirib oğlunun qoluna bağladı, dedi:
– Yollarda olmaya-bilməyə deyəsən, mən Koroğlunun oğluyam.
Atanın düşməni çoxdu, səni öldürərlər. Məni gözü yollarda qoyma.
Kürdoğlu anası ilə də halallaşıb Çənlibelə tərəf yol başladı. Kürdoğlu
üç gün-üç gecə at sürüb gəldi Əhməd paşanın şəhərinə yetişdi.
Əhməd paşanın adamları Kürdoğlunu görüb paşanın yanına apardılar.
Paşa Kürdoğlunun atına, özünə baxıb dedi:
– Nəçisən, hardan gəlib haraya gedirsən?
Aldı Kürdoğlu:
Əhməd paşa, mənim yolum
Dağıstandan gələr oldu.
Vardı qılınc vuran qolum,
Dərd bağrımı dələr oldu,
Qalxanım tutaram başa,
Əlimdən çəkərsən haşa,
Dağıstanda Ərəb paşa
Namərd mərdə gülər oldu.
Həsən bəyəm, gəlləm dilə,
Misir qılınc allam ələ,
Güzarımdı Çənlibelə,
Ərəb atım bilər oldu.
Söz tamama yetişdi. Əhməd paşa adamlarına dedi:
– Bu nə dilli-dilli danışır. Tutun, qoymayın getsin.
Paşanın adamları Kürdoğlunu tutmaq istədilər. Kürdoğlu qılıncını
çəkib onların hərəsini bir yana qovaladı, atını sürüb aradan çıxdı,
Çənlibelə tərəf üz qoydu. Bir dağın başında iki bəzirgana rast gəldi.
Gördü bəzirganların yaxşı şeyləri var. Kürdoğlu bəzirganların nə ki,
malları var idi, əllərindən aldı, özlərini boş yola saldı. Bəzirganlar
qaçıb yaxındakı şəhərin paşası Cəfər paşaya şikayət elədilər. Cəfər
paşa başında adamları atlandı. Kürdoğlunun qabağını kəsdi, dedi:
– Bəzirganları niyə soydun, kimsən, haraya gedirsən?
Aldı Kürdoğlu:
– Gəl sənə söyləyim, ay Cəfər paşa,
Yön çevirib Çənlibelə gedirəm.
Düşmənlər əlimdən çəkərlər haşa,
Yön çevirib Çənlibelə gedirəm.
At oynadıb Çənlibelə çataram,
Aslan kimi dərələrdə yataram,
Kəmənd atıb indi səni tutaram,
Yön çevirib Çənlibelə gedirəm.
Anamın yolunda qolu bağlıyam,
Atamdan ayrıyam sinə dağlıyam.
Adım Həsən, Koroğlunun oğluyam,
Yön çevirib Çənlibelə gedirəm.
Paşa hökm elədi, başındakı atlılar Kürdoğlunu tutsunlar. Atlılar
Kürdoğluna hücum elədilər. Kürdoğlu əl qılınca eləyib atlılara cumuldu.
Atlılar davam gətirə bilməyib hərəsi bir tərəfə qaçdı.
Kürdoğlu davadan əl çəkib yoluna davam elədi. İki gün, iki gecə
at sürdü, yolda bir qocaya rast gəldi. Götürdü görək qocadan nə xəbər
aldı:
– Qoca baba, mən dolanım başına,
Söylə Koroğludan mənə bir xəbər!
Görən Çənlibeldə qururmu dövran?
Söylə Koroğludan mənə bir xəbər!
Qəvvas kimi dəryalara dalaram,
Müxənnət yurduna talan salaram.
Yağı düşmənlərdən qısas alaram,
Söylə Koroğludan mənə bir xəbər!
Həsən bəy də iyid, cavan yaşında,
Öldürər namərdi mərd savaşında,
Çənlibeldə dəliləri başında,
Söylə Koroğludan mənə bir xəbər!
Söz tamam oldu. Qoca dedi:
– Oğul, Çənlibelə yaxınlaşıbsan, bir az at sürsən, yetişərsən.
Kürdoğlu oradan keçdi, atını sürüb yol getməyə başladı. Gün
əyilən zaman gəldi Çənlibelə yetişdi. Kürdoğlu yol gəlib yorulmuşdu.
Düşdü atını qoruğa buraxdı, özü də dirsəkləndi.
Dəlilərdən bir neçəsi, Eyvaz, Dəmiçrioğlu, İsabalı at belində məşq
eləyirdilər. Qoruqda bir atlı adam gördülər. Eyvaz dedi:
– Siz burada durun, mən gedim, görüm o adam kimdi.
Eyvaz atını səyirdib Kürdoğlunun yanına gəldi, dedi:
– Ay adam, kimsən, nə hünərlə atını bu qoruğa buraxıbsan?
Kürdoğlu dinməz-söyləməz yerindən qalxdı. Çəkib Eyvazı atdan
saldı. Qollarını bağladı, yerə yıxdı. Yoldaşları gözlədilər, gördülər
Eyvaz gəlmədi, onun dalısınca Dəmirçioğlu gəldi, Eyvazı qolu bağlı
görüb, Kürdoğluna hücum elədi. Kürdoğlu macal verməyib çəkdi, onu
da atdan saldı, qollarını daldan bağladı, Eyvazın yanına uzandırdı.
İsabalı gözlədi, gördü Eyvaz ilə Dəmirçioğlu qayıtmadılar. Bu dəfə o
da atını səyirdib gəldi, yoldaşlarını qolu bağlı gördü. Kürdoğlunun
üstünə yönəldi. Kürdoğlu onu da atdan saldı, qollarını bağladı. Eyvaz
ilə Dəmirçioğlunun yanına yıxdı.
Dəlilər uzaqdan bunu gördülər, qaçıb Koroğlunun yanına getdilər,
əhvalatı ona söylədilər. Koroğlu qılınc bağladı, qalxan asdı, əmud
götürdü, Kürdoğlunun yanına gəldi. Dəlilər Koroğluya göz elədilər ki,
olmaya-bilməyə əl qaldırarsan, adını deyəsən, özünü nişan verəsən.
Hamımızı qırdırarsan. Koroğlu Kürdoğluna yaxınlaşıb dedi:
– Oğul, hardan gəlib hara gedirsən?
Kürdoğlu dedi:
– Dağıstandan gəlib Çənlibelə gedirəm.
Koroğlu dedi:
– Onda burda nə gəzirsən?
Kürdoğlu dedi:
– Bə, bura Çənlibel deyilmi?
Koroğlu dedi:
– Yox, bura Çənlibel deyil, buradan Çənlibelə bir mənzil yoldu.
Kürdoğlu elə bildi ki, yolda rast olduğu qoca ona yalan satıb
alladıb, Çənlibeli düz nişan verməyib.
Aldı görək nə dedi:
Dağıstandan çıxdım bahar fəslində,
Gəzə-gəzə bu diyara yetişdim,
Bac vermədim, düşmənlərdən bac aldım,
Çoxun saldım ahı-zara, yetişdim.
Anamdan ayrıldım, mən gəldim belə
Düşmənin qanını döndərdim selə,
Gəzə-gəzə gəldim bu Çənlibelə.
Çəksələr də məni dara, yetişdim.
Həsən bəyəm, hər yaraya dözərəm,
Qılınc əldə, qalxan beldə gəzərəm,
Dəlilərin mən yan-yana düzərəm,
Sən olarsan günü qara, yetişdim.
Söz tamam oldu. Koroğlu gördü bu, xoşluqla dəliləri buraxmayacaq.
Acıqlandı, Misri qılıncı çəkib Kürdoğluna hücum elədi. Kürdoğlu
ilə vuruşdular. Qılıncdan murad hasil olmadı, əl əmuda atdılar. Əmuddan
da bir kar aşmadı. Bir-birinin belinə əl atdılar, tutaşdılar, bir xeyli
güləşdilər, yoruldular, bir-birilərinə zor eləyə bilmədilər, aralandılar,
hərəsi bir yanda oturdu. Yorğunluqlarını aldılar. Qalxıb yenidən tutaşdılar.
Kürdoğlu bu dəfə zor verib Koroğlunun dizlərini yerə gətirdi, bir
də zor verib kürəyini yerə gətirdi, sinəsinə çöküb dedi:
– Söylə görüm, qoca, sən kimsən?
Koroğlu dedi:
– Başımı kəssən də əzəl sən kim olduğunu deməsən, mən kim
olduğumu demərəm.
Kürdoğlu Koroğlunun sinəsindən qalxdı. Onu buraxıb dedi:
– Gəl, özünü boş yerə incitmə, kim olduğunu nişan ver.
Aldı Koroğlu görək nə dedi:
Koroğlu:
Neyləyirsən məndən ad xəbər alıb –
Düşmən qanın yerə calayan mənəm!
Qoşunlar talayıb, tüplər dağıdan,
Düşmanı üst-üstə qalayan mənəm!
Kürdoğlu:
Qeyzə gəlib hərdən nərə vuranda,
Dəlilər qol-qola bağlayan mənəm!
Qılınc çəkib mərd meydana varanda,
Sinələr çal-çarpaz dağlayan mənəm!
Koroğlu:
İyid olan heç ayrılmaz elindən,
Tərlan olan sona verməz gölündən.
Şahlar zara gəlib comərd əlindən
Leş-leşin üstünə qalayan mənəm!
Kürdoğlu:
Qaçırtdım qovğada meydandan paşa,
Qovub tacirləri doldurdum daşa,
Axırda əlimdən çəkərsən haşa,
Başı-baş üstünə tığlayan mənəm!
Koroğlu:
Koroğlu deyiləm, ona misalam,
Həm Rüstəmi-Zalam, həm də Salsalam,
Neçə xotkarları taxtından salan,
Qənimlər üstündə ulayan mənəm!
Kürdoğlu:
Həsən bəyəm, mərd meydanda qalaram,
Qənimlər başına qılınc çalaram,
Yağı düşmənlərdən qısas alaram,
Seçibən gövhəri saxlayan mənəm!
Söz tamam oldu. Bir də tutaşdılar. Yenə Kürdoğlu Koroğlunu
yıxdı, dedi:
– Bu ikincidi, bir də yıxsam öldürəcəyəm.
Bunlar burada qalsınlar, sənə Nigar xanımdan xəbər verim. Dəlilərdən
biri qaçıb Nigar xanıma xəbər apardı ki, bir atlı gəlib çıxıb
Dəmirçioğlunu, Eyvazı, İsabalını tutub qollarını bağlayıb, Koroğlunu
da iki dəfə yıxıb, bir də yıxsa öldürəcək.
Nigar xanım tələsik özünü oraya yetirdi. Gördü Koroğlu ilə Kürdoğlu
üçüncü dəfədi tutaşıblar. Nigar nə qədər elədi onları bir-birindən
aralasın, Koroğlu aralanmadı, dedi:
– Davanı tamam eləyək.
Koroğlu ilə Kürdoğlu xeyli güləşdilər. Axırda Koroğlu bir dəli
nərə çəkdi, Kürdoğlunu götürdü yerə vurdu. Sinəsinə çökdü, Misri
qılıncı çəkdi ki, başını kəssin. Nigar xanım qoymadı. İrəli yeriyib əlindən
aldı. Koroğlu dedi:
– Oğul, səni öldürmədim buraxdım. Lənət şeytana de, özünü nişan
ver.
Götürdü Kürdoğlu görək nə dedi:
Anadan olanda comərd olmuşam,
Şirin ləhcəliyəm xoş nişanlıyam.
Meydanda düşmənə qanlar ağladan
Biləyi qüvvətli, gözü qanlıyam.
Cavankən özümü çöllərə saldım,
Qəm məni çulğadı, dəryaya daldım,
Hər yerdə namərddən qisasım aldım,
Mərdlər arasında adlı, sanlıyam.
Bir dərd bilən yoxdu dərdim çağlıyam,
Dost yolunda mən də qolu bağlıyam,
Həsən bəyəm, Koroğlunun oğluyam,
Yerim xəbər alsan Dağıstanlıyam.
Söz tamam oldu. Koroğlu dedi:
– Yalan söyləyirsən, məni aldatmaq istəyirsən, sən Koroğlunun
oğlusansa, qolunda bazubənd olmalıdı.
Kürdoğlu qolundakı bazubəndi açdı, Koroğluya göstərdi. Koroğlu
gördü özü verdiyi bazubənddi. Aldı görək nə dedi:
Başına mən dönüm, gül üzlü oğul,
Koroğlu deyilən iyid mənəm, mən!
Dəli paşaları taxtından salan,
Koroğlu deyilən iyid mənəm, mən!
Müxənnət olubdu qabağımda xar,
Xotkara yurdunu eyləmişəm dar,
Söylə Möminədən nə xəbərin var?
Koroğlu deyilən iyid mənəm, mən!
Sədafərin qaynağına, coşuna,
Yağı düşmən gələ bilməz tuşuna,
Koroğluyam, oğul, dönüm başına
Koroğlu deyilən iyid mənəm, mən!
Söz tamam oldu. Ata-oğul bir-birlərini tanıdılar. Qucaqlaşdılar,
görüşüb öpüşdülər. Dəlilərin qollarını açıb Çənlibelə gəldilər. Çənlibeldə
gün keçirməyə, ömür sürməyə başladılar.

davamı