Kilsəni məscidə çevirirlər

Xristian icması öz binasını 4 milyona müsəlmanlara satır

İsveçin Flen adlı kiçik şəhərində xristian icmasına məxsus kilsəni müsəlmanlara satmaq qərarına gəliblər.

Bu kilsə ötən ilin noyabrında satışa çıxarılıb. İnzibati binaya kəskin ehtiyacı olan Al-Xuda İslam mərkəzi də obyekti almaq qərarına gəlib.

“Local” jurnalı yazır ki, Flen şəhərindəki iki xristian icması birləşəndən sonra onlara aid binalardan biri boş qalıb. Ona görə də kilsələrdən birini satışa çıxarıblar.

Amma binanın keçmiş sahibi, xristian icmasının rəhbəri Kristina Blumkvist deyir ki, kilsəni məhz müsəlmanlara satmaq qərarını asanlıqla verməyiblər:

“Amma yenə də biz hər şeyi götür-qoy edəndən sonra razılıq verdik. Fikirləşdik ki, bu jestlə biz müsəlmanlara öz sevgimizi göstərmiş olacağıq” – deyə, Blumkvist bildirib.

Bu vaxta qədər İslam Mərkəzi İsveç Qaraçıları Assosiasiyası ilə birlikdə ayrı bir binanı icarəyə götürübmüş. Amma İslam mərkəzinə gələnlərin sayı ilbəil çoxaldığına görə, onlar daha geniş yer almaq qərarına gəliblər.

Kilsənin məscidə çevrilməsi prosesi yekunlaşmaq üzrədir. İndi yalnız bina üçün tələb olunan məbləği – 4 milyon İsveç kronunu (təxminən 641 min dollar) ödəmək qalıb. Bu məbləği yığmaq məqsədilə artıq İslam Mərkəzi ölkədəki müsəlmanlara müraciət edib. Onlar lazım olan vəsaiti il ərzində toplamağı planlaşdırırlar.