İlham Əliyev Oljas Süleymenova “Dostluq” ordeni verdi

Azərbaycan prezidenti İlham Əliyev türk dünyasının tanınmış ziyalısı, qazax şairi və ədəbiyyatşünası Oljas Süleymenovu “Dostluq” ordeni ilə təltif edib.

Prezidentin sərəncamında deyilir ki, orden Süleymenova “Azərbaycan və Qazaxıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə” verilib.

Qeyd edək ki, mayın 18-də O.Süleymenovun 75 yaşı tamam olur. Bununla bağlı Qazaxıstanda da yubiley tədbirləri keçirilir.

O.Süleymenov 1936-cı ildə Almatıda anadan olub. Atası Stalin repressiyalarının qurbanı olub.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Əsərlərini rusca yazır.

1970-ci illərdə “İqor polku dastanı” haqda araşdırmalarında orta əsrlərdə türk mədəniyyətinin rus ədəbiyyatına güclü təsir etməsi haqda nəzəriyyə irəli sürməsi Moskvada hakimiyyət orqanlarında təmsil olunan rus millətçiləri tərəfindən hiddətlə qarşılanıb və Süleymünov 8 il əsərlərinin çap etdirə bilməyib.

Sonralar o, Qazaxıstan Yazıçılar Birliyinin və SSRİ Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunub.

Qazaxıstanda Semipalatinsk nüvə poliqonun bağlanması uğrunda ictimai hərəkata rəhbərlik edib.

SSRİ dağılandan sonra bir müddət Qazaxıstanın İtaliyadakı səfiri işləyib.

2002-ci ildən Qazaxıstanın UNESCO-dakı nümayəndəliyinin (Parisdə yerləşir) rəhbəridir.

Bir neçə dəfə Bakıda olub. O cümlədən 20 yanvar faciəsindən dərhal sonra Bakıya səfər edib. 70 illik yubileyi Bakıda da qeyd edilib.