Reyhan Kənan. Mən dərd süpürgəsiyəm

Küskün ev

Söyləyin,o evi niyə sökdünüz?
O evdə həsrətin od, közü vardı.
O kiçik, balaca kürsülü evin,
Məndən üzü dönən küsülü evin
Mənə söyləməyə çox sözü vardı.
Sökdünüz damını, divarlarını.
Sökdünüz bəzəkli otaqlarını.
Sökdünüz, tökdünüz suvaqlarını.
Hopmuşdu o evə anamın səsi.
Atamın əlinin o nişanəsi.
Hardasan, hardasan, ay ev yiyəsi.?!
Bopylanıb o evin pəncərəsindən
Uşaqlıq dünyama baxardım barı,
Orda bir ana var beş balasıyla,
Hələ də boylanır yollara sarı.
Siz görə biməzdiz, bilməzdiz axı,
O evin kədərli baxışlarını,
Siz görə bilməziz divarlardakı,
Anamın əlinin naxışlarını.
Yenə qəmlə dolu,sevinclə dolu,
Alıb ürəyimin dərinliyindən
Xəyal dəftərini niyə tökdünüz?
Sizə neyləmişdi o ev yiyəsi,
Söyləyin,o evi niyə sökdünüz:
Söyləyin,o evi niyə sökdünüz:


Adım

Çiçək adı veriblər
dünyaya gələn zaman
guya gözəl olmuşam
yanağından qan daman.
Amma düşünməyiblər
Çiçək ömrü az olar.
Çəmənlərdə bitsə də
sonra əllərdə solar.
Sevinərək adıma ürəyim
aldanırmış.
Guya k, mənim adım
Şipşirin bal dadırmış.
Çiçək-çiçək yaşadım.
Çiçək-çiçək böyüdüm.
Çiçəyinə çevrildim
həyətdəki söyüdün.
Qulaqda sırğa etdim
anamın hər öyüdün.
Çiçəklə dolu olan donlarım
harda qalıb?
O çiçək uşaqlığım
hansı baharda qalıb?
İndi ötən illərin quruca bir
səsiyəm
Çiçək nədir, ay allah?
Mən dərd süpürgəsiyəm.