«Amnesty International»: «Cabbar Savalanlı qurama ittihamla həbs olunub»

«Azərbaycan hökuməti qurama ittihamlarla 2 il yarım azadlıqdan məhrum edilən müxalif gənclər təşkilatının üzvünü dərhal azadlığa buraxmalıdır».

«Amnesty International» təşkilatının mayın 4-də yaydığı bəyanatda belə deyilir.

Mayın 4-də Sumqayıt şəhər Məhkəməsi AXCP Gənclər Təşkilatının üzvü, 20 yaşlı C.Savalanlıya 2 il yarım iş kəsib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinib. İttihamın saxta olduğunu bildirən müdafiə tərəfi C.Savalanlının həbsini onun siyasi fəaliyyəti ilə bağlayır.

«Bütün dəlillər C.Savalanlının qurama ittihamlarla təqsirləndiyini göstərir», - deyə «Amnesty International»ın Avropa və Mərkəzi Asiya proqramının direktor müavini John Dalhuisen deyib.

Təşkilat rəsmisi bildirib ki, məqsəd onu Yaxın Şərq hadisələrindən həvəslənərək hökumət əleyhinə nümayişlərə çağırışlarına görə cəzalandırmaq və digərlərini bu fikirlərindən daşındırmaqdır:

«Cabbar Savalanlı dinc şəkildə ifadə azadlığı hüququndan istifadə etdiyinə görə cəzalandırılıb».

«Amnesty International»ın rəsmisi qeyd edib ki, «C.Savalanlı və etiraz aksiyaları təşkilatçılarının həbsi hazırda Azərbaycanda ifadə azadlığının necə kövrək və hökumətin müxalif səsləri susdurmaq üçün hara qədər gedə biləcəyini göstərir».

«Cabbar Savalanlı vicdan məhbusudur və qeyd-şərtsiz, dərhal azadlığa buraxılmalıdır», - deyə John Dalhuisen əlavə edib.