Avropa Məhkəməsi M. Sakitlə bağlı Azərbaycandan cavab gözləyir

Mirzə Sakit

Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha bir iş üzrə kommunikasiya başlayıb.

Avropa Məhkəməsi 5 il öncə üzərindən narkotik tapıldığı üçün 3 il həbs cəzası alan jurnalist Mirzə Sakitin şikayəti ilə bağlı hökumətdən cavab tələb edir.

Bu barədə M.Sakitin hüquqlarını Avropa Məhkəməsində qoruyan vəkil İntiqam Əliyev məlumat yayıb. Mayın 5-dək Azərbaycan hökuməti bu suallara cavab verməlidir:

- Tutulma zamanı ərizəçi vəkillə təmin olunubmu və üzərində axtarış aparılan zaman vəkil iştirak edibmi? Şəxsi axtarış ölkədaxili qanunvericiliyə uyğun keçirilibmi?

- Ərizəçi üzərində maddə polis bölməsində aşkarlandığı halda, onun saxlanılması hansı səbəblərlə bağlı olub?

- Ərizəçinin narkotik istifadəçisi olması ilə bağlı tibbi ekspertiza keçirilibmi, keçirilibsə, hansı formada?

- Ərizəçinin üzərində axtarışı əks etdirən videogörüntünün məhkəmə prosesi zamanı qiymətləndirilməməsi tərəflərin bərabərlik prinsipini pozubmu?

Avropa İnsan Hüquqları Məhkəməsi Mirzə Sakitə qarşı cinayət işi üzrə bütün sənədlərin sürətlərini tələb edib. (stenoqramları, ekspert rəyləri, axtarışın protokolu və s. sənədləri).

M. Sakiti 2006-cı il iyunun 23-də Bakıdakı «Gözəl Məkan» kafesinin yaxınlığında 4 nəfər mülkigeyimli şəxs maşına mindirilərək Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinə aparıb. Həmin idarədə onun cibindən narkotik tapılıb. M.Sakit narkotik vasitədən xəbərsiz olduğunu bildirib.

2006-cı il oktyabrında 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə satirik jurnalist 3 il azadlıqdan məhrum edilib.