Bakı Apellyasiya Məhkəməsi müsavatçıya çıxarılmış hökmü ləğv edib

Səxavət Soltanlı

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı barədə məhkəmə qərarı ləğv olunub.

Vəkil Elçin Namazov «Media forum» saytına bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Əmir Bayramov sədrlik edib:

«Qaradağ rayon Məhkəməsi martın 8-də Səxavət Soltanlıya 5 sutka həbs cəzası təyin etmişdi. S. Soltanlı avtoxuliqanlıq etməkdə təqsirli bilinmişdi. Məhkəmə prosesi qanunsuzluq şəraitində, heç bir araşdırma aparılmadan, sifarişlə həyata keçirilmişdi. Məhkəməyə həbsin əsassızlığına dair ciddi arqumentlər təqdim etdik, S. Soltanlının qurama ittihamla saxlandığını bildirdik».

Vəkil deyir ki, hakim qeyd olunan qanunsuzluqların araşdırılması üçün Qaradağ rayon Polis İdarəsinin 11-ci bölməsinin əməkdaşlarını məhkəmə iclasına dəvət etsə də, onlar prosesə gəlməyiblər. Bundan sonra hakim müşavirəyə gedərək qərarın ləğv olunduğunu elan edib.

Martın 8-də polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 5 sutka inzibati həbsə məhkum edilmiş «Nida» Gənclər Hərəkatının rəhbəri Rəşadət Axundovun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Rizvan Səfərov Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Vəkil Elçin Namazov «Media forum»a deyib ki, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.