Qobustanda vulkanlar aktivləşir

Qobustanda palçıq vulkanı

Martın 13-də saat 11:20 radələrində Qobustan rayonunun Şıxzəyirli kəndi yaxınlığında palçıq vulkanı püskürüb.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Vulkanın püskürməsi nəticəsində külli miqdarda palçıq lavası ətraf ərazilərə axıb (bəzi yerlərdə lavanın hündürlüyü 30 santimetrdən 3 metrədək çatıb) və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatlar yaranıb.

Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik isə 3 kilometr məsafəyədək hiss olunub.

Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır.

Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürüb, lakin budəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub.

Hazırda Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.