ATƏT sədri Bakıya gəlir

ATƏT-in Fəaliyyətdə olan sədri, Litvanın Xarici İşlər Naziri Audronius Ajubalis martın 13-də Azərbaycana səfər edəcək. Bu barədə məlumat ATƏT-in rəsmi saytında verilib.

ATƏT sədri Azərbaycana Cənubi Qafqaz regionuna səfəri çərçivəsində gələcək.

ATƏT-in regiondakı fəaliyyətini və Litva Sədrliyinin 2011-ci il üçün prioritetlərini müzakirə etmək üçün ATƏT sədri dövlət rəhbərləri və siyasi partiya təmsilçiləri ilə görüşəcək.

Sədr Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini, islahatları dəstəkləmək üçün ATƏT-lə, xüsusilə də, təşkilatın Yerevan və Bakıdakı Ofisləri ilə əməkdaşlığı, eləcə də Cenevrə müzakirələrində səslənən problemləri müzakirə edəcək.

Ajubalisin Bakı səfəri martın 14-ü başa çatır. Martın 15 və 16-da o, Tbilisidə, sonrakı 2 gün isə Yerevanda olacaq.

Fəaliyyətdə olan sədr Bakı, Tbilisi və Yerevanda mətbuat konfransları keçirəcək.