“Rusiya əsgərinə “əlvida” deyəndə əla olacağıq”

Qriqol Vaşadze Azadlıq Radiosunda


Qriqol Vaşadze Gürcüstanın xarici işlər naziridir və prezident Saakaşvilinin yaxın tərəfdaşıdır.
O, bu yaxınlarda Azadlıq Radiosunun qonağı idi.

Azadlıq Radiosu: 2008-ci ildən, yəni Rusiya ilə müharibədən və Rusiya Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyandan sonra keçən bu dövrdə separatçı regionlar məsələsində vəziyyət nə yerdədir?

Vaşadze: 2008-ci ilin dekabrından bəri Gürcüstanın indiki mövqeyi qat-qat yaxşıdır. Hər şey əla deyil, ancaq çox yaxşıdır. Biz o vaxt əla olacağıq ki, Gürcüstanın işğal olunmuş ərazilərindən çıxan son Rusiya əsgərinə “əlvida” deyəcəyik.

Azadlıq Radiosu: Qərb ölkələri üçün “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” sözləri bir növ şüara çevrilib. Rusiya isə öz qoşunlarını müharibədən əvvəlki vəziyyətə çəkmək istəmir, beynəlxalq çağırışlara baxmayaraq. Rusiya təkid edir ki, Abxaziya və Cənubi Osetiya indi müstəqil dövlətlərdir.
Bu problemləri həll etmək üçün Gürcüstan hansı konkret addımları atır?

Vaşadze: Məni bağışlayın, ancaq “şüar” sözünü eşidəndə əsbiləşirəm. Niyə şüar? Qərb ölkələri, onların xarici işlər nazirləri, prezidentləri Gürcüstandakı vəziyyətin qanun əsasında həllinin üstündə dururlar.

Azadlıq Radiosu: Ancaq bu sonsuzluğa qədər davam edə bilər...

Vaşadze: Tarixdə heç nə sonsuzluğa qədər davam etməyib. 45 il Qərb dedi ki, Baltik ölkələri azad, müstəqil dövlətlərdir. Bu nə ilə qurtardı?
45 il Qərb deyirdi ki, Almaniya Demokratik Respublikası Almaniyanın bir hissəsinin işğalıdır. Bu əhvalat nə ilə qurtardı?

Azadlıq Radiosu: Biz nəyi gözləməliyik? O vaxt SSRİ kimi indi də Rusiyanın dağılmağınımı?

Vaşadze: Gürcülər sehrli çubuğa, ya arzuları yerinə yetirən sehrli daşa inanmağa meyillidirlər. Ümid edirlər ki, arzuları bir anda yerinə yetəcək. Ancaq yalnız pişiklər tez balalayır.

Azadlıq Radiosu: Bəs konkret cəhdlərə gələndə, hazırda Gürcüstan hansı addımları atır?

Vaşadze: Birincisi, Rusiya o biri ölkələrə kütləvi siyasi və maliyyə təzyiqləri göstərirdi ki, Abxaziya və Cənubi Osetiyanı tanıtdırsın, Gürcüstan bunun qabağını kəsə bildi. Əgər bunu kimsə görmürsə, o adamın relallığı qavramaqda problemi var.
İkincisi, beynəlxalq təşkilatlar bu işğal olunmuş ərazilərin leqal statusu məsələsində bir növ “qırmızı xət” çəkdilər ki, bunlar Gürcüstanın tərkib hissələridir.
Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar ilk dəfədir ki, “işğal” ifadəsini sənəddə yazırlar.
Bunlara nail olmaq iş görülüb.

Azadlıq Radiosu: Məqsəd Rusiyanın hərəkətlərini, davranışını, fikrini dəyişidirməkdirmi?

Vaşadze: Mənə inanın, siyasi vasitələrlə çox iş görülüb. Rusiya daima təzyiq altındadır. Gec ya tez, Rusiya işğal olunmuş ərazilərdən çıxıb gedəcək