Misir Mubarak və ailə üzvlərinin xarici səfərlərinə qadğa qoyub

Misir keçmiş prezident Hosni Mubarak və onun ailə üzvlərinin ölkədən kənara çıxmasına qadağa qoyub. Həmçinin yeni hökumət onların bank hesablarını dondurub.

Baş Prokurorluğun sözçüsü fevralın 28-də deyib ki, barələrində şikayətlərlə bağlı araşdırmalar başa çatana qədər Mubarak və onun ailə üzvlərinin Misiri tərk etməsi qadağan qadağan edilir. Amma o, kimlərin şikayətçi olduğunu deməyib.
Ölkəyə 30 il rəhbərlik etmiş Hosni Mubarak Misiri bürüyən etiraz aksiyalarına tab gətirməyərək fevralın 11-də istefa verib. Bundan sonra yeni seçki keçirilənə qədər hakimiyyət ordunun əlinə keçib.

İddialara görə Mubarak, onun arvadı, iki oğlu və onların xanımları son 30 ildə milyardlarla dollar pul əldə ediblər. Hazırda Mubarakin ailəsi ilə birlikdə Misirdə Sharm el-Sheikh istirahət zonasında yaşadığı deyilir.