İlham Əliyev mebel fabrikinin açılışında iştirak edib

Fevralın 21-də prezident İlham Əliyev Abşeron rayonu ərazisində «M-Line» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak edib.

AzərTAC xəbər verir ki, fabrik dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub.

Müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilib.

Fabrikdə məişət, ofis, muzey, xəstəxana, mehmanxana və inzibati binalar üçün mebellər istehsal ediləcək.

Dövlət başçısı müəssisədə istehsal olunan hazır mebel dəstlərinə baxıb. Sonda prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basıb.