18000 ad qeydiyyatda olan adlar siyahısından çıxarılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası Azərbaycanda qeydiyyatda olan adların siyahısından 18 min adı çıxarıb.

Bu barədə «APA»ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. O deyib ki, siyahıdan çıxarılan adlar əsasən sovet dövründə qoyulan, səslənməsi gülüş doğuran, Azərbaycan dilinin qayda-qanunlarına uyğun olmayan adlardır:

«Təbii ki, indi heç kim övladına Traktor, Kombayn kimi adlar qoymur. Limonad, Çalağan, Oynağan kimi adlar da insanda gülüş doğurur».

Ədliyyə Nazirliyi vasitəsilə daxil olan adlar siyahısında 180 mindən çox ad saxlanılıb. Bu adlar nazirlik tərəfindən qəbul edildikdən sonra terminologiya komissiyasının nəzdindəki «Adlar və soyadlar» komissiyasının tövsiyəsi ilə vətəndaşların daha rahat istifadəsi üçün internetdə yerləşdiriləcək.