Bitərəf deputatlar MSK üzvlüyünə namizədlərini razılaşdırıblar

Milli Məclis

Fevralın 14-də Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların iclası keçirilib.

Millət vəkili Zahid Oruc AzadlıqRadiosuna bildirib ki, iclasda bitərəf deputatların MSK-dakı nümayəndələrinin razılaşdırılması məsələsi müzakirə olunub.

Bitərəflərin MSK üzvlüyünə namizədləri bunlardır: Natiq Məmmədov, Arifə Muxtarova, Tofiq Həsənov, İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, əvəzedici qismində namizəd Nadir Adilov.

Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır.

Zahid Oruc deyir ki, təqdim olunan şəxslərin namizədliyinə razılıq verilib və məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilib.

Azlıqda olan partiyalardan Ədalət Partiyası Elxan Şükürlünün, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mikayıl Rəhimovun, Vətəndaş Həmrəyliyi Partiyası Almas Qəhrəmanlının, Ümid Partiyası Akif Qurbanovun, Vətəndaş Birliyi, Azərbaycan Sosial Rifah və Demokratik İslahatlar partiyaları Tamam Cəfərovanın, Böyük Quruluş Partiyası Bəxşeyiş Əsgərovun, Ana Vətən Partiyası Etibar Quliyevin namizədliyini irəli sürüb.

YAP-ın MSK üzvlüyünə namizədləri isə Məzahir Pənahov, Şaiddin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə KazımovaQabil Orucovdur.

Milli Məclisin fevralın 22-də keçiriləcək iclasında MSK-nın formalaşdırılması məsələsi müzakirə olunacaq.