Cabbar Savalan ekspertizadan keçəcək

Cabbar Savalan

Qanunsuz narkotik maddə saxlama ittihamı ilə həbs edilən AXCP fəalı Cabbar Savalan haqqında Sumqayıt şəhər Məhkəməsi 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, fevralın 8-də məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər.

Fevralın 7-si axşam saatlarında isə müstəntiq ekspertiza təyin olunması haqqında qərarı elan edib:

«Bəlli oldu ki, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizaları keçirilir. Narkoloji ekspertizanın məqsədi onun narkoman olub-olmamasını, kimyəvi ekspertizanın məqsədi isə üzərindən çıxan maddənin narkotik olub-olmamasını, narkotikdirsə hansı növə aid olmasını müəyyən etməkdir».

Vəkil alternativ ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verib.

Cabbar Savalan fevralın 5-də Sumqayıtda saxlanılıb. Ona narkotik maddə saxlamaq ittihamı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Müdafiə tərəfi ittihamı saxta sayır, onun həbsini siyasi fəallığı ilə bağlayırlar.

Hazırda Cabbar Savalan Sumqayıt şəhər polis şöbəsinin təcridxanasında saxlanılır.