İraqın Baş naziri üçüncü müddətə vəzifədə qalmayacağını deyir

İraqın Baş naziri Nuri Əl-Maliki bildirib ki, 2014-cü ildə indiki hakimiyyət müddəti başa çatandan sonra yeni seçkidə iştirak etmək fikrində deyil. Əl-Maliki fevralın 4-də də özünün illik maaşının yarısını dövlət büdcəsinə qaytarıb, bildirib ki, bununla ölkədə varlılarla kasıblar arasında fərqin azalmasına çalışdığını nümayiş etdirmək istəyir.

Baş nazir ölkənin məşhur dindarlarının çağırışlarından sonra bu addımları atır. Dindarlar əl-Malikini Tunis və Misirdə baş verənlərdən nəticə çıxarmağa, ölkədə korrupsiya ilə mübarizə aparmağa və sosial ədalətsizliyi aradan qaldırmağa çağırıblar.

Baş nazir “Frans-press” agentliyinə deyib ki, İraq xalqının demokratiyaya nail olacağına əmindir.